Şeyx Nəim Qasim: “Bütün region təhlükəli siyasi bir dönüş nöqtəsi qarşısındadır”
Hövzə Xəbər Agentliyinin beynəlxalq xidmətinin məlumatına görə, Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim cümə günü (19.09.2025), böyük cihad komandiri Hacı İbrahim Əqilin (Hacı Əbdülqadir), Rizvan bölməsinin komandirləri və mülki şəxslərin şəhadətinin ilk ildönümü mərasimində demişdir: “Rizvan şəhidləri Qüdsün azadlıq yolunun şəhidləri, vətənin azadlığı uğrunda, ləyaqət və özünəhörmət şəhidləridir.”
O əlavə etmişdir: “20 sentyabr 2024-cü il tarixində, düşmən İsrail Zahiə bölgəsində Rizvan komandirlərinin toplanma mərkəzinə hücum etmişdir. Bu hücum nəticəsində Rizvanın on səkkiz komandiri və əlli nəfərə yaxın mülki vətəndaş, o cümlədən kişilər, qadınlar və uşaqlar şəhid olmuşdur ki, onlardan dördü hələ də itkin sayılır.”
Hizbullahın baş katibi demişdir: “Bu şəhidlərin hamısı Hacı Əbdülqadir ilə birlikdə haqq və həqiqət yolunda, müqavimət yolunda və vətənin azadlığı yolunda ucaldılar.”
O, şəhid Hacı İbrahim Əqilin iki əsas xüsusiyyətinə işarə edərək demişdir: “Bu böyük şəhidin birinci xüsusiyyəti uca Allaha və İslama olan inancı idi.”
Şeyx Nəim Qasim əlavə etdi: “Şəhid Hacı İbrahim Əqil, şəhid Seyyid Muhəmməd Baqir Sədrin düşüncəsindən, İmam Seyyid Musa Sədrin hərəkatından, İmam Xomeyninin (r.ə) inqilabından və İmam Xameneinin (əziz kölgəsi daimi olsun) rəhbərliyindən təsirlənmişdi.”
O demişdir: “Şəhid Hacı Əbdülqadir çox sədaqətli idi və öz sədaqətini ümmətin şəhidlərinin rəhbəri Seyyid Həsən Nəsrullaha göstərirdi. Çünki bu şəhid komandir bu böyük iman məktəbindən bəhrələnirdi.”
Şeyx Nəim Qasim sonra bölgənin vəziyyətinə toxunaraq demişdir: “Bütün region fövqəladə və təhlükəli bir siyasi burulğanın qarşısındadır. Çünki XX əsrin əvvəlində bölgəmizdə əkilmiş İsrail rejimi, əvvəlcə İngiltərədən başlayıb sonra Amerikaya keçən imperialist müstəmləkəçi dəstəyin köməyi ilə bölgəmizdə dərin kök salmışdır.”
O əlavə etmişdir: “Bu qəsbkar varlıq ekspansionist bir varlıqdır; qərbin bir parçası, ABŞ üçün bir alət, region üçün bir qorxulu fiqur və bölgənin müstəqillik əldə etməsinə mane olan genişlənməyə yönəlmiş bir quruluş kimi nəzərdə tutulub.”
Hizbullahın baş katibi vurğulamışdır: “İsrail, ABŞ hökumətinin tam dəstəyi ilə cinayətin, vəhşiliyin və hər cür insani, hüquqi, beynəlxalq və qanuni əsaslara etinasızlığın zirvəsinə çatıb.”
O qeyd etmişdir: “İsrail indi genişlənməyə can atmır, əslində o, elə əvvəldən genişlənməyə can atırdı, amma uyğun zaman və şəraitə ehtiyacı var idi.”
O əlavə etmişdir: “Yumşaq müharibə, sanksiyalar və Abraham sazişi kimi anlaşmalar ABŞ-ın istədiyi sürətli nəticəni əldə etməkdə faydasız oldu və buna görə də onlar soyqırımı yolu ilə nəticəyə çatmağı seçdilər.”
Hizbullahın baş katibi İsrail rejiminin son hava hücumuna, yəni Qətərin paytaxtı Dohaya edilən təcavüzə toxunaraq demişdir: “İsrail Qətəri bombardman etdi, baxmayaraq ki, orada ABŞ-ın ən böyük bazası yerləşmişdir. Düzdür, İsrail Həmas rəhbərliyini Qətərdə hədəfə aldı, amma eyni zamanda Qətərə də hərbi təcavüz etdi ki, regiondakı bütün ölkələrə mesaj göndərsin.”
O əlavə etmişdir: “Biz inanırıq ki, düşmən İsrailin Qətərə hücumundan sonra vəziyyət əvvəlki ilə müqayisədə fərqli bir mərhələdədir. Bu hücumdan sonra müqavimət hərəkatları, siyasi sistemlər, xalqlar və coğrafi və siyasi hər bir maneə “Böyük İsrail” planına qarşı hədəfə çevrilmişdir. Hədəflər isə Fələstin, Livan, İordaniya, Misir, Suriya, İraq, Səudiyyə Ərəbistanı, Yəmən və İrandır.”
Şeyx Nəim Qasim vurğulamışdır: “Bütün siyasi sistemlər, xalqlar və müqavimət hərəkatları bu İsrail təhlükəsinə qarşı, yəni ümumi düşmənə qarşı birləşməlidirlər. Biz tənliyi elə dəyişməliyik ki, İsrail təhlükə sayılsın, xalq müqaviməti yox.”
Şeyx Nəim Qasim demişdir: “Mən Səudiyyəni müqavimət cəbhəsilə yeni bir səhifə açmağa çağırıram: belə bir dialoq vasitəsilə ki, problemləri həll etsin, narahatlıqlara cavab versin və maraqları təmin etsin.”
O əlavə etmişdir: “Mən belə bir dialoqa çağırıram ki, o, bu reallığa əsaslansın: İsrail düşməndir, müqavimət yox. Belə bir dialoqa ki, keçmişdəki mübahisələri dayandıra bilsin.”
Şeyx Nəim Qasim davam etmişdir: “Sizə vurğulayırıq ki, müqavimət cəbhəsinin silahları yalnız İsrail düşməninə qarşı yönəlmişdir və heç bir zaman Livan, Səudiyyə və ya dünyanın digər yerlərinə qarşı olmayacaq.”
O vurğulamışdır: “Müqavimətə təzyiq yalnız İsrailin xeyrinədir və müqavimət olmadıqda növbə digər ölkələrə çatacaqdır.”
Hizbullahın baş katibi sonda bunu da vurğulamışdır: “Fələstindəki müqavimət, İsrailin genişlənməsinə qarşı yüksəldilmiş hündür bir sədd hesab olunur.”
Mənbə: Əl-Aləm
Müxbir: Əmir Kərimi
Rəyiniz